Axundovun intihar edən oğlu və repressiya edilən nəvəsi

Bu günlərdə Mirzə Fətəli Axundovun oğlu Rəşid bəy haqqında məlumat əlimə keçdi. Onun qəribə və faciəli ömrü yolu sarsıtdı məni...

 

Rəşid Mirzə Fətəli oğlu 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olub. 1863-72-ci illərdə Tiflis klassik gimnaziyasında təhsil alıb. 1874-də ali təhsil almaq üçün Brüsselə getsə də 1878-ci ildə atasının  vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir və geri qayıtmağa məcbur olur. 1882-də təhsilini tamamlamadan Tiflisə qayıdır, az sonra təhsilini bitirmək üçün Peterburqa gedir və yol mühəndisi ixtisasına yiyələnir. 1883-1884-cü illərdə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində çalışıb.

 

Mikayıl Rəfili “Mirzə Fətəli Axundov” adlı əsərində yazır: “Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir”.

 

Yuxarıdakı fikirlər düşünməyə əsas verir ki, atası Mirzə Fətəlinin ölümündən bərk sarsılan Rəşid bəy uzun müddət toparlana bilmir və düşdüyü depressiya, ümidsizlik onun həyatına ciddi şəkildə təsir edir. Uzun müddət dövlətin etimadsızlığından əziyyət çəkən Rəşid bəy 1905-ci ildən quberniya katibi vəzifəsini də icra etməyə başlayır. Amma ruhi sarsıntılar onu qarabaqara izləyirmiş…

 

Şəmistan Nəzirlinin araşdırmalarında 1909-cu il yanvarın 30-da Müfti Mirzə Hüseyn Əfəndi Qayıbovun Bakıda həkim işləyən oğlu Bahadır bəy Qayıbova yazdığı məktuba rast gəlirik: “Rəşid bəy molxulyanın (melanxoliya, ruh düşkünlüyü-C.C. ) “qələbə”sindən sonra məyusluqla özünü tapança ilə qətl elədi. Oğlu Fətəli bu günlərdə gələsidir. Rəşid bəy məni və Xanbaba xanı apekun (qəyyum) təzim edibdir. Bu barədə də kağız yazıbdır.  Bu gün “Kafkaz”dakı cənab sərdara və qrafinyaya oxunan nitqini (reçini) müsəlmançasını mən tərtib edib, sonra Nərimanov ruscasını sərdara və qrafinya hüzurlarında oxuduq. Hər ikisi çox razı qaldılar və sərdar dedi ki, bu beş nəfər qızların vəsaitimlə Svyataya Ninaya götürməkləri mənim tərəfimdən bir cüzi nümunədir. Gələcəkdə gücüm çatan qədər müsəlman uşaqlarının təlim və tərbiylərinə çalışacağam”.

 

Rəşid bəy Axundovun yeganə oğlu Fətəli bəzi məlumatlara görə “Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.

 

Rəşid bəyin ədəbiyyat tariximizdə də özünəməxsus rolu olub. 18 yaşındaykən "Şarl Mismerin Ali paşaya məktubu" fəlsəfi əsərini fransızcadan ruscaya; Alfred dö Breanın "Bir balaca parijlinin həyatı" romanınısa fransızcadan dilimizə çevirib; atasının irsini o qoruyaraq saxlayıb.

 

Mirzə Fətəli Axundov kimi bir dahinin oğlunun intihar etməsi, nəvəsinin repressiya qurbanı olması çox  ağırdır. Eyni zamanda  bu barədə məlumatlar da çox cüzidir.

Ümid edək ki, araşdırmaçılar bu məsələdə daha fəal olacaqlar…

 

Cəlil Cavanşir

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018