Salam Sarvan: “Qismətdə bir qaradərili qızla uzaqdan-uzağa baxışmaq da var imiş”

Kulis.Az Salam Sarvanın yeni şeirini təqdim edir.

 

Mən bilirəm niyə doğum-ölüm tarixləri
yazılır mötərizədə...
Amma qiyamətdə də bilinməyəcək ki,
nə yazılmışdı Məmmədhəsən əminin
Həzrət Abbasa göndərdiyi ərizədə.

Mən bilirəm, qəfil zülmət çöksə,
ən əvvəl özünü axtarar adam,
sonra sevdiklərini, sonra günəşi...
Amma qiyamətdə də bilinməyəcək ki,
öz vətənində doğulmamağın ağrısı
bir qadının bətnindən necə düşür.

Ağac bilməyəcək ki, sulanmağı da islanmaqmış...
Avam bilməyəcək ki:
ömür boyu evdən-işə, işdən evə gedib-gəldi,
yaşamaqsa – günəşin ətrafına fırlanmaqmış.

Adam bilməyəcək ki, qismətdə bir qaradərili qızla
uzaqdan-uzağa baxışmaq da var imiş.
Heç vaxt yanaşı yatmayacaqmış
bir-birini yuxuda görənlər.

Və “darıxıram” sözünü dilinə
gətirəcək qədər qocalandan sonra
uşaqlığına qayıtmaq istəyəcəksən –
arzularının böyük vaxtlarına.

Amma görəcəksən gecdi...

 

Dünyadan evdən çıxan kimi çıxacaqsan –
işığı söndürüb qapını bağlaycaqsan və düşünəcəksən: 
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?!

LENT

23 May 2018
22 May 2018
21 May 2018
20 May 2018
19 May 2018