Çox məşhur manyak haqqında ən yaxşı film

Bu gün məşhur Amerika rejissoru Alfred Hiçkokun doğum günüdür. bu münasibətlə onun "Psixo" filmi haqqında məqaləni təqdim edirik.

 

***

 

Kulis.az “Baxılası 50 film” layihəsində amerikan kinorejissor Alfred Hiçkokun “Psixo” filmini təqdim edir. 

 

Britaniya və Amerika kinorejissoru Alfred Hiçkok (1899-1980) triller janrının ustalarından biridir.

 

Katolik ailədə doğulan Hiçkokun atası baqqal olub.

 

Uşaqlıqda atası dəcəlliyinə görə onu polisə verib və o, on dəqiqə həbsxanada qalıb. Bu hadisə və yezuit kollecində sərt nizam-intizam, qorxu onun dünyagörüşündə dərin iz buraxır. Hiçkokun təqib, əsassız günahlandırmaya görə təlaşa düşən qəhrəmanlarının qorxulu əhvalatları həm də onun uşaqlıq travmalarından qaynaqlanır.

 

1920-ci ildə Hiçkok kinostudiyada elektrik işləməyə başlayır. Sonra isə reklam bölməsində çalışır. Elə həmin ildə “Famous Players-Lasky” kino-kompaniyasında titr dizayneri, daha sonra ssenarist və rejissor assistenti işləyir.

 

1926-cı ildə o, ilk trillerini-“Sakin” filmini çəkir.

 

Britaniya kino tarixində ilk səsli filmi “Şantaj”ı (1929) da məhz Hiçkok lentə alıb.

 

İkinci Dünya Müharibəsi başlayandan sonra Britaniya kino sənayesində böhran yaşandığına görə Hiçkok Hollivuda gedir.  Onun ilk Amerika filmi “Rebekka” “Oskar”a layiq görülür. 

 

 

Hiçkok filmlərində saspensi – qeyri müəyyənliyi, gərginliyi, həyəcanlı gözləntiləri ustalıqla yaradırdı. Onun bu fəndi ilk səsli filmlərində sezilməyə başladı: “Şantaj”, “Qətl”.  

 

 

Rejissorun nəqlinin qeyri-standart həlli, dərin psixologizmi (“Arxa pəncərə” (1954) və “Başicəllənmə” (1959) filmləri Avropa art-hous kinosuna təsir elədi.

 

Sonradan daha eksperimental və heyrətamiz fəndlərdən istifadə edən rejissorun “Psixo” və “Quşlar” ekran işləri də onun yaradıcılığında önəmli yer tutur.

 

Rejissorun yaradıcılığına alman ekspressionistlərinin təsiri güclü olub. Nuar elementlərindən də yararlanan müəllif xüsusən, səslə daha diqqətlə işləyirdi. Çünki gözlənilməz səs effektləri ekranda göstərilənlərin gərginliyini artırırdı. O, əsasən musiqisi, filmdəki gərginliyi gücləndirən bəstəkar Bernard Herrmannla işləyirdi.

 

Bir qayda olaraq Hiçkokun süjetləri bir neçə kateqoriyaya bölünür:

 

- Yanlış olaraq günahlandırılan adamların özləri ədaləti bərpa etmək üçün araşdırma aparır.

 

- Füsunkar, amma fəlakətə səbəb olan qadın (la femme fatale) sevgilisinə bədbəxtlik gətirir.

 

- Klassik detektiv, qətlin araşdırılması. Əksər hallarda bu, psixi problemləri olan adamlar tərəfindən törədilirdi.

 

Rejissorun fəndlərdən biri hadisəni personajın gözü ilə göstərmək idi.

 

 

Hiçkok fransız “Yeni dalğa”sının kumirlərindən biri idi. Kommersiya filmləri çəkməsinə rəğmən onu müəllif mövqeyinə görə sevirdilər. Fransua Trüffo onun üslubunda bir neçə film çəkib.

 

Hiçkokun üslubu eyni zamanda Brayn de Palma və Klod Şabrolun kino-dilinə təsir edib.

 

“Baxılası 50 film” layihəsində rejissorun əhəmiyyətli işlərindən biri, bütün dövrlərin ən yaxşı filmlərindən sayılan  “Psixo” (1960) psixoloji tirllerini təqdim edirik.

 

Süjet: Gənc qadın Merion rəisinin ona etibar etdiyi 40 min dolları oğurlayır. O, şəhərdən getmək və sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı o, moteldə gecələyir. Motelin sahibi, psixi travmaları olan Norman Merionu amansızlıqla qətlə yetirir.

 

Norman ilk baxışda normal, mehriban adam təsiri bağışlayır. Hadisələrin gedişatında bəlli olur ki, o, çox sevdiyi və onunla despot kimi davranan anasını itirib. Anasının meyitini saxlayan Norman zaman – zaman şəxsiyyətin ikiləşməsinə məruz qalır, gah anası kimi olur, gah da özü kimi...  Meriondan xoşu gəlsə də, guya anası onunla söhbət  zamanı bunun əleyhinə olduğunu deyir. Və Norman bu səbəbdən Merionu öldürür.

 

 

Film amerikalı yazıçı Robert Bloxun eyni adlı romanının sərbəst yozumudur. Amerika qotik ədəbiyyatının (XVIII əsr romantizm dalğasında meydana çıxan ədəbi janr, oxucuda dəhşət, gərginlik hissi yaradır, fövqəladə qüvvələrin, mistikanın, fantastikanın elementlərindən istifadə olunur. Əhvalatlar əsasən qotik üslubda tikilmiş qəsrlərdə baş verir) kodları burda yeni janra transformasiya edilərək, psixoanaliz və trillerlə qarışdırılıb.

 

 

Müəllif insanın gizli, qaranlıq tərəflərini, içimizdəki qorxu hissini tədqiq edir. Vanna otağındakı qətl dünya kinosunun ən dəhşətli və məşhur səhnələrindən biridir.

 

Bu səhnədə o, sürətli, qırıq montajdan istifadə edərək maksimum həyəcan yaradır.

 

Həmin epizod zamanı dəhşətli səslər skripkanın köməkliyi ilə verilib.

 

“Psixo”da onun novbəti “Quşlar” filminə göndərişlər var: moteldə quş müqəvvaların təsviri, qətl səhnəsi zamanı həyəcanlı səslərin quş səsinə bənzəməsi və s.

 

 Maraqlı faktlar: 

 

“Psixo” kinoteatrlarda göstəriləndə gecikənləri buraxmırmışlar. Kinoteatrlarda belə elan asılıbmış: ”Biz istəmirik ki, siz özünüzü aldadasız. Siz filmə əvvəldən baxmalısız. Ona görə də film başlayandan sonra buraxılmayacaqsız. Heç kəs üçün istisna olmayacaq: nə kinoteatrın sahibinin qardaşı, nə Amerika prezidenti, nə də İngiltərə kraliçası üçün”.

 

Kinoteatrın  sahibləri pul itkisindən qorxaraq əvvəlcə buna qarşı olsalar da Hiçkok elanın asılmasında israr etmişdi.

                       

                                            ***

 

O, bu romanın ekranlaşdırma hüququnu anonim olaraq Robert Bloxdan 9 min dollara almışdı. Sonra isə rejissor premyeraya qədər romanın bütün nüsxələrini almışdı ki, filmin sonu gizli qalsın.

 

 

                                  ***

 

“Psixo”dakı qan şokolad siropudur.

             

                                 ***

 

Filmin əsasında amerikalı manyak Ed Qeynin əhvalatı dayanır.

                        

                                  ***

 

Hiçkok kameoları (məşhur şəxsin epizodik rolu) ilə məşhurdur və bu, onun üslubunun elementlərindən biridir.

                                                                   

                                   ***


Tələbkar və yersiz irad tutduğundan bir çox aktyor onunla əməkdaşlıqdan imtina edib.

 

 

                                    ***

 

Qızı Patrisiya Hiçkok da aktrisa olub.

 

                          ***

 

55 bədii film çəkib və onlardan çoxu klassikadır.

 

                           ***

 

Hişkok adamyovuşmaz idi. Bioqrafı  Donald Spoto “Dahinin gizli tərəfi” əsərində onu amansız və qorxaq adam kimi göstərib. O, həm də pedant idi: personajlarının bütün bioqrafiyasını ən xırda detalına kimi işləyirdi.

 

                         ***

 

Rejissor qəribə yumor hissinə malik idi. “39 addım” filminin çəkilişi zamanı açarın itdiyini bəhanə edərək qəhrəmanları bütün günü qandallarda gəzməyə məcbur edib.

 

Aktrisa Melani Qriffitin 5 yaşı olanda ona anası aktrisa Tippi Xedrenin sifəti olan, oyuncaq tabutda uzanmış gəlincik bağışlayıb.

 

Bir dəfə isə o, yazıçı Dafna dyu Moryenin ərini maskarada dəvət edir. Başqa qonaqlara isə rəsmi tədbir olacağını deyir. Yazıçın əri ziyafətə türk sultanı geyimində gəlir. 

 

                               ****

 

O, oval formalı predmetlerdən qorxurdu.

 

                               ****

Hiçkokun meyiti kremasiya (meyitlərin xüsusi peçdə yandırılması) edildikdən sonra külü Sakit okeana atılıb.

 

Filmə burdan baxa bilərsiniz:

http://tfilm.tv/1771-psixo.html

 

Vittorio De Sikanın “Velosiped oğruları”  filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin  “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet  “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra”  filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi

 Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın  “Oyun qaydaları” filmi.

 Stenli Kubrikin "Portağal mexanizmi" filmi

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017