Bethovenin Napoleona qəzəbi və ya bir əsərin tarixçəsi-VİDEO

7 aprel 1805-ci ildə Vyanada böyük bəstəkar Lüdviq Van Bethovenin Üçüncü simfoniyasının təqdimatı keçirilir. Bu əsəri Bethoven öz kumiri Napoleona həsr etsə də tezliklə əlyazmadan sərkərdənin adı yox olur. Bundan sonra əsər yalnızca qəhrəmanlıq simfoniyası adlnamağa başlayır. Kulis.Az Bethovenin ən məşhur əsərlərindən birinin yaranması haqqında məlumatı təqdim edir.

 

Karlıqdan sonrakı həyat

 

32 yaşı olanda Bethoven çox ağır böhran yaşayır. Tinit (daxili qulağın iltihabı) bəstəkarın eşitmə qabiliyyətini sıfıra endirir, və o taleyin bu dönüşü ilə barışa bilmir. Həkimlərin məsləhəti ilə sakit bir yer olan Heyligenştadt şəhərinə getsə də bir müddət sonra anlayır ki, xəstəliyi sağalmazdır. Məyusluğa düçar olmuş, dərin sarsıntı yaşamış, intiharın astanasında olan bəstəkar qardaşlarına məktub yollayaraq öz dərdini bölüşür. Hazırda bu sənədi “Heyligenştadt vəsiyyəti” adlandırırlar.

 

Yalnız bir ay keçəndən sonra Bethoven depressiyadan çıxa bilir və yenidən musiqi ilə məşğul olmağa başlayır. Beləcə üçüncü simfoniyanı yazmağa başlayır.

 

Bu da adi adamdır

 

Yeni işə başlayarkən bəstəkar dostlarına etiraf edir ki, zəhmətinin hədər getməyəcəyinə inanır. Bethoven əvvəlki əsərlərində o qədər də razı deyildi.

 

Bu cür vacib əsəri o müstəsna bir insana həsr etmək istəyir. Belə bir adam o dövrdə gənclərin kumiri olan Napoleon Bonapart olur. Bethoven əsəri 1803-1804-cü illərdə Vyanada yazır. 1804-cü ilin mart ayında isə bəstəkar öz şedevrini tamamlayır. Amma bir neçə aydan sonra baş verən hadisə müəllifi əsərin adın dəyişməyə vadar edir. Bonapart taxta çıxmışdı.

 

O hadisəni bəstəkarın dostu olan pianoçu Ferdinand Ris belə xatırlayır: “Mən və eləcə də onun (Bethovenin) digər dostları tez-tez bu simfoniyanı onun masasının üstündə görərdik. Yuxarısında “Bonapart” aşağısında isə “Luici Van Bethoven” yazılmış olurdu. Bundan başqa heç nə... Bethovenə Bonapartın özünü imperator elan etməsi xəbərini gətirən ilk adam mən oldum. Özündən çıxan Bethoven qəzəblə qışqırdı: “Bu da adi adamdır! Bundan sonra o bütün insan haqlarını tapdalayacaq, öz xeyrinə çalışacaq, o özünü hər kəsdən yüksəkdə tutaraq tirana çevriləcək.”” Qəzəblənən bəstəkar əlyazmanın titul vərəqini cırıb ataraq simfoniyaya yeni ad verir: “Eroica” (“Qəhrəmancasına”)

 

Dörd hissəli inqilab

 

Simfoniyanın ilk dinləyiciləri Knyaz Frans Lobkovskinin təşkil olunmuş gecədəki qonaqları olur. Lobkovski mesenat və Bethovenin himayədarı idi. Onlar üçün əsər 1804-cü ilin dekabr ayında səsləndirilir. Yarım il sonra 7 aprel 1805-ci ildə isə simfoniya geniş ictimaiyyətə təqdim olunur. Premyera “An der Vin” teatrında keçirilir. Mətbuatın yazdığına görə bəstəkar və tamaşaçılar bir-birindən narazı qalırlar. Dinləyicilər əsəri çox uzun və olduqca ağır qəbul edirlər. Gurultulu triumf gözləyən Bethoven isə onu alqışlayan zalın qarşısında heç təzim belə etmir.

Əsər həqiqətən də musiqiçinin müasirlərinin öyrəşdikləri musiqidən fərqlənirdi. Bethoven əsəri dörd hissədə yazmışdı, üstəlik səslə inqilabın şəklini çəkməyə çalışmışdı.

 

Birinci hissədə Bethoven azadlıq uğrunda gərgin mübarizəni vermişdi. “Dəfn marşı” adlanan ikinci hissə isə daha faciəvidir, müəllif burada inqilabda ölənlərin ruhunu anır. Bundan sonrakı hissədə qələbənin tərənnümü əks olunur.

 

Napoleonun matəm marşı

 

Artıq doqquz simfoniya yazmış Bethoveni hansı simfoniyasını daha çox sevdiyini soruşduqda o tərəddüd etmədən üçüncünün adını çəkirdi. Bu əsərdən sonra musiqiçinin həyatında yeni dövr başlanır. Bəstəkar bunu “yeni yol” adlandırırdı. Müasirləri isə Bethoveni layiqincə qiymətləndirə bilməmişdilər.

 

Deyilənə görə Napoleon vəfat edəndə 51 yaşlı bəstəkara sual verirlər: “İmperator xatirəsinə matəm marşı yazmaq istəmirsizmi?” Bethoven isə belə cavab verir: “Mən artıq bunu yazmışam.” Bəstəkar sevimli simfoniyasının “Dəfn marşı” adlanan ikinci hissəsini nəzərdə tuturdu. 

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017