“Ədəbiyyat qəzeti”ndəki casusun qeydləri REPORTAJ

Dövlət nəşriyyatının özünəməxsus aurasının sehrini çözmək o qədər də asan məsələ deyil. Kir – pasın içində olan pilləkənlər, bir – birindən gen düşən parket döşəmələr, adı bizə heç nə deməyən ekstravaqant qəzet redaksiyaları, hələ tarixi eksponat təsiri bağışlayan liftləri demirəm. Qərəzli səslənməsin, sanki nəşriyyat yaradıcılığın düşmənidir. Tərslikdən də “Ədəbiyyat qəzeti” nəşriyyatda, nəşriyyatın doqquzuncu mərtəbəsində yerləşir. Liftdə qalxanda istər – istəməz düşünürsən: “Ədəbiyyat”ı da allahın yanına qaldırıblar”. Deyəsən Əliağa Vahidin Əli Kərimlə məşhur dialoqunu öz interpretasiyamda səsləndirdim...

 

Daha bir tərslik, yoxsa qəzavü-qədər və yaxud da mistika, bilmirəm, siz özünüz müəyyənləşdirin. Baş redaktoru yeni dəyişmiş “Ədəbiyyat qəzeti”dən reportaj edəcəyim günün gecəsi ədəbiyyat generalı, Nobel mükafatı laureatı, kolumbiyalı Qabriel Qarsiya Markes dünyadan köçdü... Taleyin işinə bax!

 

Və diqqət! “Ədəbiyyat qəzeti”ndə planlaşdırma gedir!

 

Cümə günü (Reportaj aprelin 18 – də hazırlanıb) iş olmasa da, işçilər “Niyə gələk?” deyə etiraz etsələr də, qəzet məhz bu gün çap olduğuna görə baş redaktor Elçin Hüseynbəylinin tapşırığı ilə kollektiv toplaşıb.

 

İclasda yas ab-havası hökm sürmürdü. Əşi, nə yas?! Təki hamı Markes yaşda dünyadan köçsün, hələ onun qazandıqlarını demirəm. Elçin Hüseynbəylinin sözü olmasın, Markes Markesdi də...

 

Baş redaktorun otağına girər – girməz Aydın Xan Əbilov sualedici nəzərlə üzünü mənə tutub deyir: - Markes öldü də, xəbərin oldu?

 

Və dərhal əlavə edir:

 

- Markesdən nəsə veririk? Mən qısa, aforizmlər-filan hazırlayaram, verərik gedər.

 

Qəzetə yeni işə düzələn Fərid Hüseyn özünəməxsus tərzdə (sakit tonda) Markeslə bağlı “Paris Review”də material olduğunu bildirir. Çi fayda, Fərid özü deyir, özü də eşidir. Yəqin hələ “molodoy”du, ona görə sözü keçmir. Adaş, narahat olmağa dəyməz, zamanla düzələsi problemdi. O vaxtlar mən də sənin günündəydim.

 

Gözü çıxmış qardaşından dərs götürməyən başqa bir “molodoy” Seyid Ramin onda Markesin həyat və yaradıcılığı ilə bağlı 18 min işarəlik yazı olduğunu söyləyər – söyləməz Atabala müəllim (Atabala İsmayılov), tez ağzından vurur. Markesin həyat və yaradıcılığının internetdə olduğunu deyir və hekayə verilməsinin labüdlüyündən danışır.

 

Seyidin “Axı geniş yazıdır” deməsi də dadına çatmır. Baş redaktor məsələyə tez əl qoyur və kompromis əldə olunur:

 

- Markes Markesdi də. Markesdən bir hekayə də verərik. Başa düşün, Aydın Xan Markeslə bağlı yazını əvvəlcədən bron eliyib. Biz Markesi Aydına tapşırdıq, qoy o hazırlasın. Hərdən - birdən əziz kulturoloq yaxşı ideyalar verir. Ramin, sənin bir qoşa səhifən var. Narahat olma, sənin yazını qırxında verərik. Fərid, sən də ilinə bir şey hazırlayarsan. 

 

Elçin müəllimin diplomatik gedişlərindən sonra gülüş sədaları divarları çat – çat olmuş boz otağı başına götürür. Əcəb mehribandılar.

 

Elə bu dəm Elçin müəllim qımışa – qımışa bəndənizi göstərərək işçilərinə xitab edir:

 

- Bir şeyi nəzərə alın ki, Kulis.Az-ın müxbiri də burdadır. Bir qədər nəzakətli olun.

 

İşçilərin ərköyün davranışlarına mümkün qədər dözümlü yanaşan Elçin Hüseynbəyli proza səhifəsinə Meyxoş Abdulladan nəsə yazdığını, əgər alınmasa Məqsəd Nuru onun yerinə əlavə edəcəyini bildirir:

 

- Özüm danışaram Məqsədlə. Ay Fərid, mən danışanda, sən allah danışma.

 

Elçin müəllimin “Ay Fərid” deməsindən səksəndim. Elə bildim, mən Fəridi deyir. Sən demə Fərid Hüseyni deyirmiş. Düşünəcəksiniz ki, Fərid sakit uşaqdır, görəsən nə edib ki, Elçin müəllim ondan sakit olmasını tələb edib? Fəridlik heç nə yoxdu. Fərid yazıq nə etsin, onu da işə salan Aydın Xan oldu. Ancaq Aydın Xan becid tərpənir, Fəridi vəziyyətdən çıxarmağa çalışır:

 

- Bir şey var idi, onu yadına salırdım.

 

Aydın Xanın cavabı kara gəlmir. Elçin Hüseynbəylinin əsəbi tonda verdiyi cavab özünü gözlətmir:

 

- Tez işimizi görək, çıxıb gedək də. Adil (Adil Cəmil-F.H.) də qaçır. Sənin də onsuz bir ayağın qaçaraqdır.

 

Elçin Hüseynbəyli Nizami Cəfərovdan, Sabir Rüstəmxanlıdan, Anardan qəzet üçün köşə yazmalarını xahiş edəcəyini deyən kimi yerdən “Çox maraqlı olar” nidaları eşidilir:

 

- Vacib deyil ki, hər dəfə birinci səhifədə bizim köşəmiz getsin. Bir köşə olmalıdır, Sərvaz (Sərvaz Hüseynoğlu), sən yazarsan. Birinci səhifəyə getməz, başqa səhifəyə verərik. Nizamiylə də, Sabirlə də danışacam, bu gün Anarla da görüşəcəm. Onlar da bizim üçün birinci səhifəyə köşə yazsınlar. Özü də deyəcəm ki, qonorar da yazacam. Anar müəllim son dövrlər yazdığı qəzet, jurnal yazılarından qonorar almadığını deyir, ona da qonorar yazarıq (gülür).

 

Aydın Xan bu məsələni də şərh etmək məcburiyyətində qalır:

 

- Anar müəllim qonorarı köməkçilərinə verir. Bir də türkçülük günü gəlir, onunla bağlı Əli bəy Hüseynzadədən bir məqaləm var, verə bilərik?

 

Elçin Hüseynbəyli “Aydın, sən allah, Əli bəy Hüseynzadə camaatda antitezis yaradır. Lazım deyil” - desə də Aydın Xan inadından əl çəkmir. “Başqa bir yazı verək” – deyə israr edir. Artıq Elçin Hüseynbəyli dözmür. İclasın gedişini öz təklifləri, şərhləri ilə pozan Aydın Xan baş redaktorun qınağından yayına bilmir:

 

- Bayaqdan qoymur e məni danışmağa. Aydın, sakit ol da.

 

Nəhayət, “Manas” dastanından tərcümələrin verilməsi ilə türkçülük sorunu da həll olunur. Baş redaktorun bu jestindən sonra Aydın Xan gələn həftəyə baş redaktorun hekayəsini oxuyub yazı hazırlayacağını vəd edir.

 

Elçin Hüseynbəyli “Oxumaq nədi, əzbərləyərsən” deməklə Aydın Xanla zarafat edir. Elə bu an Elçin Hüseynbəyliylə Aydın Xan arasında maraqlı dialoq yaşanır:

 

- Elçin müəllim, mən zarafat eləmirəm. Bədii nəsrlə bağlı, hər ay bir icmal hazırlayacam. Adil müəllimin (Adil Cəmil) şeirləri haqda da yazı hazırlamaq istəyirəm.

 

- Aydın, Adil haqda sən yazma, sifariş verin. Camaatın gözünü “mazol” eləmiyəcəyik ha. Qoy kənar adam yazsın. Ay qardaş, mən sizə deyirəm, siz məni eşitmirsiniz. Bizim qonorarımız var, düzdü çox deyil, amma var. Elə adam var akademikdi, 2000 – 3000 manat pul alır. Mən qənaət edəcəm, qonorarı 30 manata qaldıracam. Köşə yazılarına mən niyə 20 manat verirəm? KİVDF-də deyir ki, işçilər maaş alır onlara niyə qonorar verirsən?

 

- Absurd bir şeydir.

 

- Aydın Xan, istəyir absurd, ya da qeyri–absurd olsun. Cəmiyyətdə belə fikir var ki, qonorarı işçiyə yox, kənar müəlliflərə verməlisən. Məntiqlidir də, işçiyə maaş verirsən də.

 

- Həvəsləndirmək üçün vermək lazımdır da.

 

- Bəs sən maaşı niyə alırsan? Mən qonorar istəmirəm, Aydın, sakitləş. Özümə qonorar yazmayacam.

 

- Elçin müəllim, qonorar olmasa işçilərin marağı olmayacaq e. Məncə başqa vaxt söhbət edərik, Fərid götürüb yazar.

 

- Dedim də həll edəcəm. Narahat olma, Fərid onsuz da yazacaq.

 

- Müəllim, planlaşdırma qurtardısa, icazənizlə mən gedim.

 

- Sən canın get, başım dincəlsin. Çox sağ ol ki, gəlmişdin. Beş dəqiqəyə 50 ideya verirsən, 50 dəfə də etiraz edirsən (gülür).

 

Elçin Hüseynbəyliylə Aydın Xanın dialoqları Selincerin məşhur sitatını yadıma saldı: “Bir yazıçının başqa yazıçıdan başqa düşməni yoxdur”.

 

“Ədəbiyyat qəzeti”nin yeni sayında çap olunmuş İsa Hüseynovun son müsahibəsinin elektron variantını bizə, yəni Kulisə göndərməyi Elçin müəllimdən rica edirəm. Ancaq niyyətim elə niyyət olaraq qalır. Bu da Elçin Hüseynbəylinin qonağa qoyduğu hörmət:

 

- Bu mübahisəli müsahibə ancaq bizdə gedib. Şəmil Sadiq dedi saytlara verim, qoymadım. Qoy bizim qəzetdə oxusunlar, sizdə getməsə də olar (gülür).

 

Və işçilər rahat nəfəs alır, planlaşdırma bitir. Baş redaktor son sözlə çıxış edir. Bu son çıxış bir növ əzələ nümayişinə bənzəyirdi:

 

- Siz dediniz saat on birdə işə gələk, heç nə demədim. On birdən gec olmamaq şərtilə işə gəlirsiniz. Baxın ha, mən saat onun yarısından işdə oluram. Kimin işi var, məndən icazə alsın. Day Aydın kimi yox e, gəldim–getdim. Sən nə vaxt gəldin-getdin, mən səni görmədim. Mən kimə icazə vermirəm ki? İşiniz qurtardı, indi azadsınız. Hər beşinci gün saat on birdə planlaşdırmadı. Yadınızda saxlayın, kimin də işi varsa desin mənə. Birinci qrafomanlar bura yazmamalıdır, ikinci də əli qələm tutanlar bizə yazmağa can atmalıdırlar. Özümüzə hörmət qoymalıyıq. Bu qəzet hörmətdən düşmüşdü. Bu qəzetə görə Yazıçılar Birliyi hörmətdən düşmüşdü. Deyə də bilmirəm, Aydın deyir e, o sözün adı nədir, hə tapdım. Çalışaq, kreativ olaq (gülür).

 

Qəzetdəki saysız – hesabsız problemləri hamı bilir. Elçin müəllim özü necə, problemlər, daha doğrusu gələcək barədə nə düşünür?

 

- “Ulduz”da elə idi ki, jurnalı istənilən vaxt mətbəəyə göndərirdin. İşçilərimə də demişəm, kim nə vaxt istəyir, gəlsin, getsin kabinetimə. Mən içəri girəndə heç kim ayağa qalxmasın. Mənim üçün əsas işdir. Kollektivdə hər şey açıq və şəffaf olmalıdır. Burda çatışmazlıqlar çoxdur. Cəmi iki kompüterimiz var idi. İnternet ancaq dizaynerdə açıqdı. Mən bura gələndən kompüter məsələlərini həll eləməyə başlamışam. Wi-fi sistemini düzəltdik, mühasib işə götürdük ki, sənədləşdirmə işlərini qaydaya salsın. Sürücüdən, katibədən imtina etmişəm. Onların yerinə iki cavan işçi götürmüşəm. Düzdü beş – altı nəfər işdən azad olunub. Əlavə layihələr var idi ki, onlara ehtiyac yox idi. Hazırda 34 nəfər işçidən 21 nəfər qalıb. Çalışıram ki, onların potensialından istifadə edim. Mənə kreativ, çevik, müasir texnologiyaları bilən, sosial şəbəkələrdə aktiv olan iki gənc lazım idi, onları da işə götürdüm. Görüləsi işlər isə çoxdur. Redaksiyaların təmirə ehtiyacı var. Söz veriblər ayaqyolunu da düzəldəcəklər. Bura qonaqlar gəlib gedir. Hər halda söz veriblər ki, təmir edəcəklər, kompüterləri nisyə götürmüşəm. İki həftəni bir baş redaktor kimi uğurlu saymaq olar. İslahatları davam etdirməyi istəyirəm.

 

- Yazıçılar Birliyində çalışan bəzi dostlar nəşriyyatı ucqar əraziyə bənzədirlər. Bu ucqar yerdə darıxmırsınız?

 

- Bura əyalətdir. Elə bil əvvəl Prezident Aparatında işləyirdim, indi məni bir rayona icra başçısı göndəriblər. Mənim “Ədəbiyyat qəzeti”ni Yazıçılar Birliyinin nəşriyyatına köçürmək fikrim vardı. Ora boşdur. Düşünürdüm ki, orda işləyə bilərik. Amma bizim köhnə işçilər bura öyrəşiblər. Bu mühitdən çıxa bilmədilər. Mən də düşündüm ki, onları ora zorla aparmayım. Kombi, kondisioner sistemi olan və müasir dövrün tələblərinə uyğun bir yerə köçək, bunu istəmədilər. Bura uyğunlaşmaq ümumiyyətlə çətindi. Burda texnika yoxdur, işçilərin əksəriyyəti kompüterdə yazmağı bilmir. İnternetdən istifadə edə bilmir. Tapşırıq vermişəm ki, bir aya hamı kompüterdə işləməyi öyrənməlidir.

 

- İşçilər yaradıcılığınıza bələddilər?

 

- Aydın məndən yazı yazıb, Sərvaz yazıb vaxtilə. Fərid də məndən yazı yazıb. Ramindən soruşdum, dedi, oxumuşam sizin əsərlərinizdən. Mən hər halda demirəm ki, məni oxuyun. Onlar mənim miqyasımı bilirlər. O pisdir ki, sən yazıçı kimi özünü təsdiq etməyəsən, redaktor kimi arxa planda qalasan. Sənə deyələr ki, sən nə yazmısan e? Bunu mənə heç kim deyə bilməz.

 

- Xidməti maşın necə oldu, tapıldı?

 

- (gülür) Xidməti maşın tapılmadı. Mən də hamı kimi piyada gedib gəlirəm işə. Piyada gəzmək formaya düşməyə kömək edir.

 

- Bəs nəşriyyat necə, buradakı ab – hava sizi qorxutmur?

 

- Mən bu nəşriyyatdan həmişə qorxmuşam. Çünki açığı, burda içən çoxdu. Mən özüm də yeyib – içən adamam. Amma belə yox da. İşləri - gücləri qurtarıb, oturub yeyib-içirlər. Mən bura iş yeri kimi baxıram. Ona görə qorxub eləmirəm.  

 

Söhbətin sonunda otaqların fotolarını çəkmək istəyirdim ki, Elçin müəllim “Biabırçılıqdı, sən allah çəkmə” deyib giley – güzar etsə də, sözünü yerə salmalı oldum.

 

Elçin Hüseynbəyli Atabala müəllimin otağını boş çəkməyimə ürəyi gəlmədi və Atabala müəllimi səsləməyə başladı:

 

- Atabala müəllim, ay Atabala müəllim....

 

Atabala müəllim tapılana kimi ən yaxşı variant kimi Aydın Xanın otağına üz tutdu:

 

- Burda ən səliqəli otaq Aydının otağıdır.

 

Aydın Xanın otağını görüntüləyənə kimi Atabala müəllim də tapılır. Atabala müəllim isə Şəhriyarın, Dədə Qorqudun fotolarını çəkməyimi daha faydalı bilir.

 

Mən də çəkirəm...

 

Elçin müəllim də nəsihətlərini verməyi unutmur:

 

- Sən allah, bizi biabır eləmə, xahiş edirəm.

 

Məncə, narahat olmağa dəyməz Elçin müəllim, allahın yanında olan “Ədəbiyyat”dan narahat olmağa dəyməz...

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017