Onun iki kişisi var

Kulis.az yeni layihəyə başlayır. Son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdacağıq.

 

“Yuva” bədii filmi

 

Çəkildiyi il: 2012

 

Xronometraj: 21 dəq

 

Rejissor: Emin Əfəndiyev

 

Ssenari müəllifi: Emin Əfəndiyev

 

Operator: Adil Abbasov

 

Rollarda: Münəvvər Əliyeva, Abbas Qəhrəmanov, Namiq Ağayev, Şəbnəm Nəsirova

 

İstehsalçı şirkət: “Buta Film”

 

Süjet: Ucqar kənddə dörd nəfərdən ibarət ailə yaşayırkişi, qadın, yeniyetmə qız balaca oğlan. Günlərin birində ailəyə gözlənilməz qonaq, səfil görünüşlü, orta yaşlı kişi gəlir. Onun gəlişi ilə hər şey dəyişir. Gözlənilməz qonağın, qadının (Münəvvər Əliyeva), uzun müddət erməni əsirliyində qalmış birinci əri Mehman (Namiq Hüseynov) olduğu aydınlaşır. Keçmiş ər  arvadını və evini geri qaytarmaq istəyir. İkinci ər Əbdül (Abbas Qəhrəmanov) isə təslim olmaq istəmir....

 

Mədəniyyət və Turizm  Nazirliyinin sifarişi ilə lentə alınan film qış fəslində Qubanın Qımılqumlaq kəndində çəkilib. Soyuq rənglərlə işlənən təsvirlər, personajların davranışı, hərəkəti, az dialoq ailədəki gərgin atmosferə, rahatlığın olmamağına işarədir.  Simvolik xarakter daşıyan filmi Qarabağ müharibəsinə metafor kimi də qəbul eləmək mümkündür. Burda qadın ev, Qarabağ, kişilər isə vuruşan tərəfdir.

 

Kişilər silahlarını da götürüb qadına sahib olmaq uğrunda vuruşmağa gedir. Fonda hərbi marş səslənir. Film bitir və final açıq qalır. Tamaşaçı kimin qalib gəldiyini bilmir. Çünki müharibə hələ bitməyib.

 

Rejissor nəql etdiyi əhvalatda hər şeydən əvvəl müharibənin nəticələrini, ondan əziyyət çəkən insanı önə çəkir. Yəni müharibədə qalib və məğlub yox, qurbanlar var. Filmdə müəllif vətənpərvərlik dərsi keçmir, hansısa yozum təklif etmir. Sadəcə, müharibənin nəticəsini göstərir. Əhvalatda bir az da patriarxal ovqat var. Məsələn, qadın öz həyatı ilə bağlı seçim eləmir. Son qərarı kişilər verir.

 

Mövzu ilə bağlı filmin rejissoru Emin Əfəndiyevlə də söhbətləşdik.

 

Dosye: Emin Əfəndiyev 1987-ci ildə anadan olub.

 

2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsini bitirib. “ 0: 1” , “Sadəcə Qan” qısametrajlı bədii, “ Abşeron abidəsi” sənədli filmlərinin rejissorudur.

 

2007-ci il Start Tələbə Festivalının qalibi,  Audio-Vizual Festivalın mükafatçısıdır. İdman və Turizm Nazirliyi tərəfindən ilin rejissoru seçilib.

 

- Bu filmi Qarabağ müharibəsinə baxış, ya da başqa cür desək metafor adlandırmaq olarmı? Ümumiyyətlə, ssenarinin ideyası hardan qaynaqlanır?

 

- Ssenarinin birinci variantını 2-ci kursda yazmışdım. Ailə dramı idi. Bəsit süjet xətti vardı. Əsgərlikdən qayıdandan sonra tələbə vaxtı yazdıqlarıma baxdım, ssenarini təkrar oxudum, onu müharibə kontekstində verdim.

 

- Yəni süjetin dəyişməsində hərbi xidmətinizin rolu olub?

 

- Aha... Çünki ön cəbhədə xidmət eləmişdim və demək olar ki, hər gün müharibə şəraitində idik.  “Yuva” filminin konsepsiyası müharibənin törətdiyi fəsadlar barəsindədir. Əsgərlər və sərhədyanı kəndlərimiz bu fəsadlara görə hələ də əziyyət çəkir.  Onların həyatı Bakıdan tam fərqlidir.

 

- Abbas Qəhrəmanovun obrazının hərbi geyimdə olması güman ki, təsadüfi deyildi.

 

- Ssenari yazılanda Abbas Qəhrəmanovu erməni, Namiq Ağayevi azərbaycanlı, Münəvvər Əliyevanı isə Qarabağ obrazında vermək istəmişəm. Bilmirəm, nə dərəcədə uğurlu alınıb.

 

 

- Yeri gəlmişkən, film haqda yazılan məqalələrdən birində sizə irad tutulmuşdu ki, əhvalat simvolik olduğu üçün Qarabağ münaqişəsinə açıq vurğu eləməyə ehtiyac yox idi. Razısız?

 

- Yadıma düşdü o yazı (söhbət Şərif Ağayarın “İki kişinin bir arvadı” məqaləsindən gedir-S.S.). Əslində mən yalnız Qarabağ müharibəsinə ünvanlanmamışam bunu. Bunu ümumbəşəri mövzu kimi düşünmüşəm. Müharibənin törətdiyi fəsadlar əsas hədəfimdir. Nə fərqi var, müharibə Qarabağdadı və ya digər yerdə. Önəmli olan odur ki, insanlar müharibədən əziyyət çəkir.

 

- Aybənizlə Mehmanın  qarşılaşdığı səhnə var filmdə. Əvvəldə kamera hərəkəti qarşılaşma ərəfəsinin həyəcanını verir. Amma onlar qarşılaşan anda kamera hərəkətinin dramatizmi birdən-birə həyəcansız, soyuq intonasiyaya keçir. Bu soyuqluq düşünülmüş idi, yoxsa təsadüf? 

 

- Dediyiniz səhnə mənim heç xoşuma gəlmir. O səhnəni istədiyim kimi çəkə bilmədim. Soyuqluq düşünülmüşdü. Çünki o an qadın çıxılmaz vəziyyətdə idi. O, sanki həmin an fahişəyə çevrilirdi. Eyni zamanda iki ər... Və seçim etmək lazım idi.

 

- Bəs siz həmin səhnəni necə təsəvvür edirdiniz?

 

 

- Bir az uzadaraq. Tamaşaçını gərginlikdə saxlayardım. Məncə, görüş tez baş verir.

 

 

- Səhnənin əvvəlindəki saspens ritmi görüş zamanı qəfildən itir. Bu, bir növ dramaturgiyada qırıqlıq yaradıb.

 

- Ola bilər. Amma görüş səhnəsindən sonra hər şey bir anlıq sıxıcı olmalıdır. Yəni çıxılmaz vəziyyət...Yaxşı və ya pis, hər şey itməlidir, sadəcə xaos olmalıdır.

 

- Müharibə mövzusuna bir də qayıtmaq fikriniz varmı?

 

- Var... Müharibənin fəsadları mövzusunda tammetrajli ssenarim də var. Maliyyə tapa bilmirəm hələ ki... Bir də fürsətdən istifadə edib, filmin meydana çıxmasına əməyi olan “Buta” filmə, rejissorlar Asif Rüstəmova, Əli İsa Cabbarova təşəkkür edirəm.  Tələbə vaxtından bu günədək məni dəstəkləyiblər.....

 

 

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018