Murad Köhnəqalanın yazısı-Məni abort eləyiblər

Yuxularım-13

 

Gördüm, göylərdən ağlayan körpə səsi gəlir. Başımı qaldırıb yanımdakı hündür dirəyə boylandım. Başı buludlara dəyən dirəyin zirvəsində çör-çöpdən düzəldilmiş hacıleylək yuvasına bənzər yuva vardı. Körpə ağlayaraq yuvadan aşağı boylanır, imdad diləyirdi.

 

Onun alt çənəsində iki xırdaca dişi vardı. Fikirləşdim, yəqin balacanı hansısa yırtıcı quş balalarına yem eləməyə oğurlayıb. Körpəni xilas eləmək üçün dirəyə dırmaşmağa başladım. Rəngli buludları yarıb dirəkboyu yuxarı qalxdıqca körpənin səsinə yaxınlaşırdım. Lakin yuvaya çatdıqda gördüm, burda heç bir canlı yoxdu. Çaşıb qalmışdım, çünki ağlayan körpənin səsi indi də dirəyin dibindən gəlir. Aşağı boylananda qalxdığım yüksəkliyin vahiməsi məni bürüdü. Yerə necə enəcəyim haqda düşünməyə başladım. Bu zaman ətrafımda fırlanaraq fəryad qoparan vəhşi bir quşun səsi dadıma çatdı. Mən hələ üzünü görmədiyim bu quşun iti, ciyiltili səsindən tutub sallanaraq aşağıya düşməyə başladım.

 

Quş arada qışqırtısına fasilə verəndə əllərim boşa çıxır, havada tutalğacsız qalırdım. Yenidən qışqıran kimi göydə uça-uça, təkrar səsdən yapışıb aşağı sürüşürdüm. Beləcə, quşun tez-tez qırılan səsi ilə birtəhər dirəkdən aşağı endim. Yerə düşəndə gördüm, dördotaqlı bir evdəyəm. Evin otaqları həmin quşun səsi ilə müxtəlif rənglərə boyanmışdı. Mən maviyə boyanmış otağı alt-üst edərək körpəni axtarırdım. Həm də otaqdakı rənglər havada su kimi ağırlıq salıb adamı cəld hərəkət etməyə qoymurdu. Körpənin ağlamaq səsi isə hər dəfə bir otaqdan gəlirdi. İkinci otağa keçəndə gördüm buranın rəngi çəhrayıdı. Mən uşağı axtarmaqdan yorulub çəhrayı  divanda uzandım. Körpənin fəryadı məni heç cür rahat buraxmırdı. Fikirləşdim, yəqin otağın birində dayansam körpə özü mənim yanıma gələr. Gördüm, uzandığım otağın qapısı cırıltıyla açıldı. Körpənin ağlamağını lap yaxından eşitsəm də, içəriyə heç km girmədi. Dərhal yerimdən qalxıb yenə ətrafı diqqətlə axtarmağa başladım. Burda da heç kimi tapmadım və qonşu qırmızı otağa keçdim. Qırmızı rəngli otağa girən kimi dizə qədər qana batdım. Otaqda ağlayan körpəni axtardıqca qan laxtalanaraq hərəkət etməyimə maneə olurdu. Mən əlimi qan laxtasına soxub balıq tutan adamlar kimi uşağı aşağılarda da axtarırdım. Getdikcə bərkiyən qan gölü betona dönür, məni addım atmağa qoymurdu. Bu zaman qonşu sarı rəngli otaqdan körpənin cingiltili gülüş səsi eşidildi. Onun səsindən ayaqlarımda betonlaşmış qan gölü çat verib cadar-cadar parçalanmağa başladı. Parçalanmış qan laxtaları şüşə qırıqları kimi ayağıma batırdı. Mən ağrı və əzablar içində çətinliklə addımlayaraq sarı otağa keçdim. Gördüm, o nəhəng quş otağın tən ortasında həmin körpəni iri dimdiyində tutub. Mən bura əliyalın, silahsız gəldiyimə görə ürəyimdə özümü qınadım. Bu zaman divardan asılmış “Ovçular” portretindəki kişinin biri tüfəngini mənə uzadaraq “öldür onu!” dedi. Mən  tüfəngi götürüb, vəhşi quşu nişan aldım. Fikrimi duyan yırtıcı dərhal dimdiyindəki körpəni irəli tutdu. Mövqeyimi dəyişib, quşun başqa yerlərini nişan aldıqca, o,  dərhal istiqamətini dəyişərək körpəni tüfəngin ağzına gətirirdi. Mən bir anlıq həyəcandan tərləmiş alnımı siləndə, quş qəfildən körpə ilə birgə qeyb oldu. Bir an duruxub dayandım. Bu zaman körpənin qəhqəhəsi çəhrayı otaqdan eşidildi. Mən yerimdən tərpənən kimi portretdəki ovçu silahı əlimdən geri götürdü.

 

Çəhrayı otağa girəndə gördüm, quş körpəni dimdiyindən kəndirlə asaraq boğmaq istəyir. Baxdım ki bu, oğlan uşağıdı. Mən cəld uşağın çılpaq ayaqlarından yapışıb yuxarı qaldıraraq onu boğulmağa qoymadım. Bu zaman Pirosmaninin divardakı rəsmində təsvir olunan milli paltardakı gürcü kişisi xəncərini qınından çıxarıb mənə uzatdı. Mən, gümüş qəbzəli, iti xəncəri qapıb quşun dimdiyindən sallanan  ipi kəsdim və körpəni boğulmaqdan xilas elədim. Körpə kəndirdən birbaşa otağın ortasında açılan dərin quyuya düşdü. Quş quyunun ətrafında sürətlə qanad çalaraq yoxa çıxdı. Mən bayaq kəsdiyim ipin ucunu iri bir daşın altına qoyaraq, körpənin arxasınca quyuya sallandım. Quyunun dibində təndir kimi alovlu bir yerə düşdüm. Gördüm, bura, yer altında yaşayan hansısa bir heyvanın ağzıdı. Ayağımı bu qorxunc ağızdakı dilin üstünə  basaraq kənara tullandım. Qaranlıq ətrafı  dinşəyən kimi yenidən körpənin gülüş səsini eşitdim. Mən ehtiyatla quyunun dibində gəzinir, yalnız körpəni burdan xilas etmək barədə düşünürdüm. Zülmətdə bədənini görmədiyim nəhəng heyvanın yanar ağzı tənbəl-tənbəl tərpənərək məni alovunda  bişirmək və udmaq istəyirdi. Mən əcaib məxluqun bu cəhdlərindən hər dəfə qorunaraq kənara tullanır, körpəni axtarmağa davam edirdim.  Alov saçan bu tənbəl və qorxunc yaratıqdan getdikcə uzaqlaşır, körpənin səsi gəldiyi istiqamətə gedirdim. Yol boyu sürətlə addımladıqca anladım ki, məni o körpəyə valeh eləyən alt çənəsində gördüyüm iki xırdaca dişi imiş.

 

Qarşımda açılan nazik işıq cığırı ilə uşağın səsinin arxasınca gedirdim. Hərdən onun gülüş səsi ağlamaqla əvəz olunurdu. Xeyli getdikdən sonra gövdəsi insan bədəninə bənzəyən bir ağaca rast gəldim. Ağacın budaqlarındakı meyvələrin hər biri axtardığım körpəyə bənzəyirdi. Lakin onlar oğlan deyil, qız uşaqları idi. Gördüm budaqdakı həmin qızlar arxasınca gəldiyim bu oğlan uşağının budaqda olmasını istəmirlər. Ona görə ağac uşağı məcburən kal vəziyyətdə budaqdan salıb. Gördüm, həmin körpə ağacın dibində oturub ağlayır. Bu zaman bayaqkı qorxunc quş hardansa peyda oldu və uşağı yenidən dimdiyinə alıb səmaya qalxdı. Mən quşun arxasınca baxanda, gördüm, ağac öz budaqlarındakı  uşaqlarını ətrafıma yığaraq məni sıxmağa başlayır.

 

Budaqlar məni sıxdıqca ağacın gövdəsindən qan sızırdı. Yetişməmiş ətcəbala qız uşaqları xırda əlləri ilə məni boğmağa çalışırdı. Gördüm, qəfildən yırtıcı quş dövrə vurub geri qayıtdı. O, dimdiyi ilə ağacdakı körpələrin  başını deşərək onların beynini yemək istəyirdi. Budaqlardakı körpə qız uşaqları başlarına dəyən dimdiyin ağrısından qışqırışaraq məni əllərindən buraxdılar. Mən birtəhər ayağa durub yenidən quşun arxasınca qaçdım. Gördüm, quşun dimdiyindəki oğlan uşağı xeyli böyüyüb. Var gücümlə yuxarı atılaraq quşun qanadından birtəhər yapışdım. Məqsədim qorxunc quşun qanadında uçaraq, düşdüyüm bu cəhənnəmdən xilas olmaq idi. Bu zaman quşun dimdiyində tutduğu uşağın inci kimi xırda, ağ dişləri böyüyərək nəhəng ağ daşlar kimi məni yuxarıdan və aşağıdan sıxmağa başladı. Dişlərin bədənimdə yaraladığı yerlərdən qanqarışıq qafiyəli sözlər fışqırırdı. Yaranan qafiyələr məni şeir yazmağıma və şair olmağıma peşman eləyirdi. Quş, bədənimdən çıxan qafiyəli sözlərə ucadan gülərək qəhqəhə çəkirdi. Son qəhqəhəsində quşun dimdiyi geniş açıldı və uşaq ağzından yerə düşdü. Uşağın yerə düşdüyünü görəndə, mən də quşun qanadını buraxaraq aşağıya tullandım. Hər yan tikanlı qanqalla örtülmüşdü. Mən ayaqlarımı deşən tikanların ağrısına fikir verməyib, uşağın lüt bədəninə batan tikanları təmizləməyə girişdim. Onun bədəni başdan-ayağa al-qana batmışdı. Bədənini tikanlardan təmizləyərkən körpə gülüb mənə belə dedi:
 

- Nə üçün məndən ötrü bu qədər əzab çəkirsən? Məndən insan olmayacaq! Mən abort olunmuşam! Əgər sağ qalıb bu dünyaya gəlsəydim, sənə həmişə pislik edəcəkdim, ey şair!

 

Körpənin bu sözlərindən dəhşətə gəlmişdim. Dedim:
 

- Əzizim, alt çənəndəki dişlərin çox gözəldi...

 

Körpə ağlayaraq boynumu qucaqladı.

 

Oyananda gördüm, səhərdi, oğlum çanta çiynində, məni yatağımda qucaqlayıb məktəbə getmək istəyir...  

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018