Kulis.az - İnternet dərgisi

Ayaz Salayevin 7 il gecikən filmi

[ 14 Yanvar 2015 17:12 ]

 

Rejissor Ayaz Salayevin 2008-ci ildən istehsalatda olan, “Ağ-qara gecələr” tammetrajlı bədii  filmi  nümayiş üçün hazırdır. Kulis.az-a filmi çoxdan bitirdiyini söyləyən rejissor premyeranın nə vaxt keçiriləcəyini bilmir: 

 

“Filmlə bağlı heç bir problem yoxdur, sadəcə sifarişçi Mədəniyyət və Turizm Nazirliyi nə zaman təqdim edəcəyini özü planlaşdıracaq”.

 

Mədəniyyət və Turizm Nazirliyinin Milli Filmlərin İstehsalı sektorunun rəhbəri Aydın Hüseynov filmin istehsalının  müəyyən dəyişikliklərə görə uzandığını söylədi: “Film ötən il qəbul olunub və bu ilin sonunadək təqdimatı keçiriləcək”.

 

Dövlət sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunan filmin ilk işçi adı  “Ehram TV” idi və bir neçə il əvvəl bu filmin qadağalara və senzuraya məruz qalması haqqında xəbər yayılmışdı.

 

Fantastika elementləri olan "Ağ-qara gecələr" filminin əsas mövzusu məhəbbət üçbucağıdır.

 

“Ağ-qara gecələr”də əsas rollarda aktyorlar Fəxrəddin Manafov, Solmaz Süleymanova, Rasim Balayev və gürcüstanlı Levan Xurçiya çəkiliblər.